1894.İlk sutəmizləyici qurğunun işə salınması

0011894. İlk sutəmizləyici qurğunun işə salınması

Sənaye şəhərinə sahiblik edən çar administrasiyası belə vacib və həyat əhəmiyyətli məsələ ilə bağlı hərəkətə gəlmək fikrində deyildi. Duma isə 3 su kəməri, yəni orta əsrlərdən miras qalmış su təchizatı sistemi ilə kifayətlənməyi lazım bilirdi ki, yaxın su mənbələri və şəhər ətrafından çəkilmiş, nə vaxtsa su probleminin uğurla həll olunmasına səbəb olan bu sistem də heç vəchlə şəhər əhalisinin içməli suya olan tələbatını ödəmirdi.

Bu səbəbdən də 1859-cu ildə Şamaxının hərbi qubernatoru Qafqaz canişininə məruzə edir ki, Bakının quberniya şəhərinə çevrilməsi, əhalinin sıxlığı və digər səbəblər üzündən şəhərin xan dövründən qalan, artıq sıradan çıxmaqda olan yeganə su anbarının ümidinə qalmışdır.

1860-cı ildə Sisianova ucaldılmış bağın yanında yeni su anbarı tikildi. 1865-ci ildə su anbarında yenidənqurma işləri aparıldı.

Tezliklə Komendant bağı ətrafında (Əlağa Vahidin adını daşıyan park) daha bir su anbarı tikildi. 867-ci ildə isə daha iki su anbarı istifadəyə verildi (Каменный причал və Mari bağı olan ərazilərdə).

Yeni Qaydaların qüvvəyə minməsi ilə bağlı su təchizatı ilə bağlı bütün məsələlərin həlli şəhər özünüidarəetmə orqanının üzərinə düşdü.

1878-ci ildə Duma Hacı Zeynalabdin Tağıyevin təklifi ilə şəhər su kəmərinin ən yaxşı layihəsini təqdim edən şəxs üçün 1000 rubl məbləğində mükafat ayırdı və müsabiqə elan etdi. Duma həmçinin bu problemlə bağlı bütün məsələlərin peşəkar həlli üçün mütəxəssislərdən ibarət xüsusi komissiya da yaratdı.

Amma problem kəskinləşirdi. Buna səbəb həm də XIX əsrin 80-ci illərində Bakı-Tiflis Zaqafqaziya dəmir yolunun istismara verilməsi idi. Sənaye şəhəri olan Bakı həm də iri nəqliyyat hərəkətinin həyata keçirildiyi şəhərə çevrilmişdi.

1893-cü ildə komissiyaya təqdim olunan 40 layihənin heç biri Duma tərəfindən təsdiq olunmadı. Həmin layihələrin həyata keçirilməsi üçün böyük məbləğdə pul vəsaiti tələb olunurdu ki, buna da imkan yox idi.

1892-ci ildən bəri başlayan və antisanitariyanın hökm sürməsi səbəbindən getdikcə şiddətlənən vəba epidemiyası isə şəhər əhli ilə yanaşı hakim dairələri də əməlli başlı çaşdırmışdı. Buna görə də yeganə çıxış yolu kimi «Bakı limanları birliyi» ilə müqavilə bağlandı: müqaviləyə əsasən duru (içməli) su verən (gündə 330 min vedrə) sutəmizləyicisinin tikintisi üçün.

1893-cü ildə Bakının su təchizatı tarixində dönüş yaratmış hadisə baş verir: əhali yalnız quyu suyu deyil, Kür və Volqadan gətirilmiş sudan da istifadə etmək imkanı əldə edirlər. 1894-cü ildənsə «məhsul»u baha olan sutəmizləyici tikilib istifadəyə verilir (hər su vedrəsi üçün 0,75 — 1 qəpik ödənilirdi). Bu səbəbdən də həmin illərin hesabatlarında « əhali əsasən quyu suyundan istifadə edirdi…» kimi məlumatlara rast gəlirik.

Dumanın xüsusi qərarı ilə şəhər əhalisinin kasıb təbəqəsinə duru su pulsuz verilməli idi, amma vedrələrlə yox…Həm də bundan ötrü şəhər idarəsinə müraciət edən vətəndaş onun kasıblığını təsdiq edən sənəd təqdim etməli idi. Bundan sonra ona talon verilirdi.

1898-ci ildə Bakı şəhər idarəsi «Aptur Koppel və şərikləri» (Артур Коппель со товарищи) ilə gündə 50 vedrə su verməyə qadir olan sutəmizləyicinin tikintisi ilə bağlı müqavilə bağlayır. Müqavilədə göstərilmişdi ki, bir vedrə suyun qiyməti 0,5 qəpikdən baha olmamalıdır. Bu yeni su qurğusu 1899-cu ilin avqustunda istifadəyə verildi.

Amma çəkilən xərclər özünü tam şəkildə doğrultmurdu: belə ki, sutəmizləyicilərin suyu aşağı keyfiyyətli idi və içməli su kimi istifadə oluna bilməzdi. Bu vəziyyət Bakının gəmiçiliklə məşğul olan sahibkarların sindikatı üçün əlverişli idi. Çünki onlar təkcə elə 1899-cu il ərzində hər ay Bakıya 850-1. 360 min vedrə su gətirməklə il ərzində 64-65 min rubl pul qazanmışdılar.

XIX əsrin sonlarından başlayaraq-təqribən 20 il ərzində şəhərin özünüidarəetmə orqanları tərəfindən su təchizatına 320 min rubldan artıq pul vəsaiti sərf edilsə də gözlənilən nəticə əldə edilməmişdi.

Maarifpərvər ziyalı, öz xalqını canından artıq sevən insan «həyatının bircə gününü belə özü üçün yaşamamış» Həsən bəy Məlikovun bu yolda atdığı addımlar təqdirəlayiqdir. Məhz onun aşağıdakı məzmunda etdiyi odlu çıxışından sonra bu sahədə irəliləyiş əldə edildi: «… Bakı şəhərinin içməli su problemi artıq bir onillik deyildir ki, müzakirə edilir, müxtəlif çıxışları dinləyirik. Hər 4 ilin əvvəlində məsələ müzakirə üçün «növbə» gözləyir, sonra müzakirə edilir, araşdırmalara, müxtəlif səfərlərə məlum məbləğ ayrılır və 4 il ərzində öz həllini tapmadığı üçün arxivləşdirilir və növbəti 4 il üçün yeni seçilmiş şəhər duması üzvlərinə «miras qalır» ki, yenidən bu işə pul vəsaiti ayrılsın».

1897-1902-ci illərdə şəhərə gətirilən Kür suyu yalnız gəmilərlə deyil, həm də dəmir yolu vasitəsilə çatdırılırdı.

1898-ci ildə Duma rezervuarın tikilməsi üçün 12 min rubl vəsait ayırır. Amma şəhərin texniki rezervuarı nəzərdə tutulduğu kimi daşdan deyil, betondan tikir ki, bu da 200 min vedrə su demək idi. Bu səbəbdən də o, ayrılan məbləğdən əlavə 5 200 rubl vəsait xərcləyir. Amma betondan inşa edilmiş rezervuar heç 50 min vedrəyə də «dözmür» və axıtmağa başlayır. Bundan sonra rezervuarın dəmirdən inşa edilməsinə qərar verilir.

1899-cu ili aprel ayında Duma qərara alır ki, Kür və Samurdan şəhərə suyun və ayrıca olacaq kanalizasiya sisteminin çəkilməsi üçün şəhər büdcəsindən 70 min rubl vəsait ayırır. Layihənin hazırlanması üçün komissiya xarici mütəxəssislərə müraciət etməyi qərara alır.

Frankfurtda su mənbələrinin kəşfiyyatı ilə məşğul olan, milliyyətcə ingilis V. V. Lindley bu təklifi qəbul edir və 1899-cu ildə dəvət alaraq Bakıya gəlir. Gərgin hidrogeoloji kəşfiyyat işləri aparan Lindley Bakı şəhər Dumasına təklif edir ki, Bakı su kəmərinin mənbəyi kimi Şollardan istifadə olunsun. Amma Duma bu təkliflə razılaşmır və Lindleyə sifariş edir ki, Kür və Samurdan çəkiləcək su kəmərinin layihəsini hazırlasın.

Apardığı tədqiqat işləri və araşdırmalar Lindleyi öz fikrində qalmağa vadar edir və o, 1901-ci ildə Dumada çıxış edərək «dediyini deyir».

Amma Duma yenə də bu varianta şübhə ilə yanaşdığı üçün 1902-ci ildə Qafqaz su müfəttişliyinə müraciət edir və xahiş edir ki, obyektiv rəyini bildirsin. Elə həmin ilin dekabr ayında Qafqaz mühəndis-hidravliklərin qurultayı keçirilir və Bakının su problemi ilə bağlı bu məsələ müzakirə edilir. Nəhayət, 1903-cü ilin noyabrında şəhər Duması Lindleylə müqavilə bağlayır: Şollar su kəmərinin layihəsinin hazırlanması barədə.

Şəhər Duması əlavə su mənbələrinin axtarılması üçün baş sındırırdı. «Tapıntı» isə Zuğulba mənbəyi oldu. Bu variant hələ 1881-ci ildə təklif olunmuşdu. Onun həyata keçirilməsi isə 1903-1904-cü illərə təsadüf etmiş oldu. Amma bu mənbə özünü tam şəkildə doğrultmurdu: kiçik imkanlara malik olması və aşağı keyfiyyətli suyun çıxması insanları qane etmir, tələblərə cavab vermirdi. Sutəmizləyicilərin gücünü artırandan sonra Zuğulba su kəmərinin istisna olaraq sənaye rayonlarını təmin etməsinə qərar verildi (1908).

1903-1904-cü illərdə şəhər idarəsi «Французское бурильное товарищество» (Fransız qazma birliyi) ilə 20-100 sajın dərinliyi olan 40 su quyusunun qazılması barədə müqavilə imzalayır. Müqavilənin şərtlərinə əsasən hər qazılmış sajının qiyməti 55 rubl miqdarında müəyyən edilmişdi. Ən önəmlisi isə bu idi ki, xarici şirkətlərin öz işini vicdanla yerinə yetirməsinə əmin olmaq üçün onlara nəzarət edən xüsusi komissiya yaradılmışdı. H. Məlikov (Zərdabi), M. A. Unanov, Hacınskiy və İ. B. Hacıyev həmin komissiyanın səlahiyyətli üzvləri idilər.

Artıq Lindley öz peşəkarlığını sübut etmişdi və Bakı şəhər rəhbərliyi onunla yeni-yeni iri həcmli layihələrin həyata keçirilməsini planlaşdırırdı. Amma Qubada kimyəvi-bakterioloji laboratoriyanın tikilməsi prosesi son dərəcə ləng gedirdi (1907-ci il ərzində cəmi 3 quyu).

Su qıtlığı şəhər rəhbərliyini düşünməyə, yeni yollar tapmağa vadar edirdi. 1908-ci ildə Duma «Suraxanı-Kür» gəmiçilik birliyi (Пароходное товарищество) ilə hər gün 50 vedrə Kür suyunun gətirilməsi barədə müqavilə imzalayır.

Əlbəttə, su kimi həyat əhəmiyyətli məsələnin həlli özünü gözlətməməli, təcili olaraq icra olunmalı idi və atılan addımlar insanları su qıtlığının törədə biləcəyi fəlakətlərdən qoruyurdu. Amma bütün bu görülən tədbirlər müvəqqəti, lokal xarakter daşımaqla problemin tam həllinə səbəb olmur və müəyyən mənada israfçılıqla müşayiət olunurdu.

Bir sözlə, Şollar su kəmərinin çəkilişi artıq zərurətə çevrilmişdi.

Hələ 1909-cu ilin payızında Bakı Duma Şollar su kəmərinin çəkilişi üçün 27 mln rublluq istiqraz vərəqələrinin (облигационные займы) buraxılmasına Nazirlər Soveti və imperatorun razılığını almışdı.

1910-cu ilin yanvarında şəhər idarəsi üzvlərinin sayının artırılması barədə vəsatət qaldıran Duma onların 5 nəfərinin bu işə-yəni su kəmərinin çəkilişinə təsərrüfat nəzarətini həyata keçirsinlər. Qərara alınır ki, bu işə inzibati-təsərrüfat sahəsində rəhbərlik şəhər idarəsinin xüsusi şöbəsi tərəfindən həyata keçirilsin.

1 Dünya müharibəsinin başlanması ilə əlaqədar vəziyyətin mürəkkəbləşməsi belə bu işin dayandırılmasına səbəb olmadı: 1914-1916-cı illərdə 131 km uzunluğunda su kəməri çəkildi.

Hələ 21. 06. 1916-cı il tarixində Bakı şəhər Duması şəhəri 20 sahəyə bölmüşdü. Həmin ərazilərin hər birinin öz rayon himayədarı (попечители) vardı (4 nəfərdən 21 nəfərədək). 258 nəfər himayədarın 79 nəfəri müsəlman idi. Bu isə o demək idi ki, 8 ərazinin himayədarları içərisində müsəlmanlar yarıdan az idi. 7 ərazinin himayədarı içərisində isə müsəlman üzv ümumiyyətlə yox idi.

Şəhərin ərzaqla təmin edilməsi məsələsi ilə əsasən Şəhər idarəsinin ərzaq şöbəsi (şöbə müdiri A. Stopani) məşğul olurdu. İdarənin təmiz gəliri 95, 5 min rubldan 223 min rubladək artmışdı. Ümumi gəlir isə 470 min rubldan 750 min rubla qədər yüksəlmişdi. Amma buna baxmayaraq, idarədə yeni 250 ştatın açılması və bununla bağlı əməkdaşların sayının artması böyük məbləğin xərclənməsinə (əmək haqları və başqa xərclər) səbəb olurdu ki, bu da şəhər kassasına ziyan vurmaqda idi.

Yəni, bu xərclər 1, 5 dəfə artmışdı (345 min rubldan 527 min rubladək yüksəlməklə).

ŞƏKƏR SİNDROMU

1915-ci ilin baharında qəndin (şəkərin) qıtlığı kəskin şəkildə hiss olunurdu. Səbəbləri isə çox sadə idi: şəhərə şəkərin gətirilməsi məsələsində əngəllər yaranmış, həmin məhsulun Bakıdan İrana və Azərbaycanın cənubuna daşınması halları isə artmışdı. Hakim dairələrin bu yolda atdığı müqavimət xarakterli addımlar səmərə vermirdi. Belə olduqda qərara alınır ki, şəkər ərzaq şöbəsinin xüsusi orderi əsasında müəssisə və təşkilatlara verilsin (siyahı üzrə).

1916-cı ilin yayından etibarən şəhər özünüidarəetmə orqanlarının vəsaiti ilə əldə edilmiş şəkərin əhali arasında bölüşdürülməsi işi rayon himayədarlarının, Dumanın şəhər mərkəzi ərzaq komissiyasının, amma başlıca olaraq məhəllə komitələrinin, üzərinə düşdü. Məhəllə komitələrinin hərəsi təqribən 2, 5 min adamı olan ərazilərə təhkim edilmişdilər. Bu məsələdə rayon himayədarlıqlarının vəzifəsi siyahıları yoxlayaraq xüsusi anbarlarda saxlanılan şəkərin əldə edilməsi üçün orderləri insanlara vermək idi. Konkret olaraq məhsulun paylanması ilə təbii ki, məhəllə komitələri məşğul olurdu.

1916-cı ilin iyul ayında şəhərdəki bütün mənzillər kütləvi şəkildə siyahıya alındı.

ABADLIQ MƏSƏLƏLƏRİ

Bu mövzuda sovet tarixşünaslığında, başqa sahələrlə bağlı olduğu kimi həqiqətə o qədər də uyğun olmayan statistik rəqəmlər verilmişdir. Çar mütləqiyyətinin imperiya maraqlarının xarakterinin qabarıq verilməsi məqsədilə həqiqəti əks etdirən məqamlara demək olar ki, rast gəlmirik.

Əslində isə sənədlərlə tanışlıq göstərir ki, Şəhərin illik büdcəsi sənədində xüsusi olaraq «Şəhərin abadlaşdırılması» maddələri vardı ki, bundan əlavə, həm də smetalarda aşağıdakı adlarla olan maddələrə rast gəlmək olur: «Şəhər qurğularının təminatı», «Şəhərdəki şəxsi daşınmaz əmlakın saxlanılması və abadlaşdırılması», «Şəhərin işıqlandırılması», «Körpü, səki və dəniz sahillərinin saxlanılması və təmiri», «Şəhərin abadlaşdırılması üzrə digər xərclər»…

Hələ 1897-ci ildə Duma 12 bölmə, 76 maddədən ibarət «Bakı şəhərində tikinti işləri üzrə mütləq Qaydalar»ı təsdiq etmişdi. Qaydaların, məsələn, birinci bölməsində şəhər idarəsi tərəfindən layihələrin təsdiqi, 12-ci bölməsində isə retirad, zibillik və qazılmış xəndəklər barədə məqamlar nəzərdə tutulmuşdu. Göründüyü kimi sənəd kifayət qədər hərtərəfli xarakter daşıyırdı.

Elə həmin ildə də şəhər idarəsi Bakını sahələrə bölərək şəhərin mühəndisi və memarı İ. V. Qoslavskinin və memar Skibinskinin, Eyxler və Skureviçin üzərinə şəhərdə aparılan tikintilərlə bağlı işlərin konkretləşdirilməsi və yaxşılaşdırılması kimi müəyyən vəzifələr qoydu.

Ümumiyyətlə, 1900-cü ildə bu mövzuda rəsmi sənədlərdə 8 maddə vardı.

Sovet dövründə bu mövzunu araşdıran tarixçi-müəlliflər yalnız «Abadlaşdırılma» maddəsindən yan keçməmiş, amma oradakı faktları təhrif etməklə, ildən-ilə bu məqsədlə artırılmış məbləği «azaltmağı» lazım bilmişlər.

1904-cü ilə qədər şəhərin baş mühəndisi tikinti işlərini əlində cəmləşdirərək şəhər təsərrüfatı ilə bağlı bu vacib məsələni təkbaşına həll edirdi. Yolların tikintisi, su, kanalizasiya sistemi, eləcə də elektrotexniki hissə də onun ixtiyarında idi. Baş mühəndis bəzən həmin işlərdə səbatsız olduğunu etiraf edirdi. Bu səbəbdən də elə həmin il yüksək peşəkarlardan ibarət «Mühəndislər şurası» adlı daimi fəaliyyət göstərən yığıncaqlar keçirən kollegial orqan yaradıldı. Tikinti işləri tikinti-memarlıq, yol və su təchizatı adlı 3 müstəqil şöbə arasında bölündü: Şəhər hərəsinin öz memarı olmaqla 5 əraziyə bölündü.

Yalnız 1912-ci ildə şəhər Dumasında «Şəhərin abadlaşdırılması üzrə icraçı komissiya» yaradılmışdı ki, bu da ondan xəbər verirdi ki, həmin dövrə qədər bu işlər konkret rəhbərlik altında olmadan həyata keçirilmişdir.

  1. 11. 1912-ci il tarixində Duma İcraçı komissiyaya yardımçı kimi 110 rayon himayədar ayırdı. Şəhər 10 hissəyə bölündü. Hər bir himayədarlardan ibarət ərazi rayon komitəsinin daxilində idi. Artıq 1. 01. 1914-cü il tarixi üçün həmin rayon komitələri tərəfindən 115 iclas keçirilmişdi. Həmin iclaslarda şəhərin abadlaşdırılması ilə bağlı 382 məsələ müzakirə olunmuşdu.

Amma bütün bu tədbirlərə baxmayaraq bu sahədə xaos və sistemsizlik də vardı ki, bu barədə də Dumanın demək olar ki, hər iclasında söhbət açılırdı.

XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakıda mənzil problemi həll olunmamış qalırdı ki, bu da çar administrasiyasının yaşayış evləri deyil, əhaliyə xidmət sahələri ilə bağlı müəssisələr tikməsinə önəm verməsi ilə bağlı idi. Təbii ki, ayrı-ayrı neft maqnatlarının öz ailəsi üçün ucaltdığı çoxsaylı binalar əhalinin tələbini ödəmək üçün deyildi ki, bu barədə də«Tikdim ki, izim qala» başlıqlı materialda ətraflı məlumat verilmişdir.

Şəhərdə bir-birinin ardınca baş verən yanğınlar şəhər rəhbərliyini narahat etməyə bilməzdi və bu səbəbdən də 1885-1887-ci illərdə şəhər Duması Qubernsk və Qafqaz administrasiyasının nəzarəti altında yanğınsöndürmə xidməti yaratdı və Bakı yanğın cəmiyyətinin nizamnaməsini hazırladı. Bundan əlavə, həmin məqsədlə bina ayrıldı. Müəyyən maddi vəsaitin ayrılması və bu sahədə peşəkar olan mütəxəssislərin işə cəlb edilməsi və onların hətta xüsusi forma ilə təchiz olunması kimi addımları təqdirəlayiq addımlar kimi qiymətləndirmək olar.

1906-cı ildə Duma öz xüsusi qərarı ilə yaxın 20 ildə telefon şəbəkəsinin istismarının hakimiyyətdən icarəyə alınmasına qərar verir. Ümumiyyətlə Duma çalışırdı ki, texnika sahəsində baş verən yeniliklər Bakı şəhərindən yan keçməsin.

  1. 01. 1910-cu ildə şəhər Duması 850 min rubl xərcləyərək Konka-dəmir yolları cəmiyyətindən (birliyi) şəhər üçün konka aldı. Bunun üçün 1910-cu ildə şəhərdə buraxılmış ilk istiqraz vərəqələrinin bir hissəsi məsrəf edildi (3,5 mln rubl).

1911-ci ildə Dumanın binasının, küçələrin, bağların, bulvarın və s. elektriklə təchizatına 11,3 min rubl ayrılmışdı.

1915-ci ildə Bakı şəhər Duması şəhərdə tramvay çəkilişi ilə bağlı addımlar atdı. Hələ 1884-cü ildə Duma şəhər daşımaları (çarvadarlıq) ilə bağlı qərar («Обязательное постановление об извозном промысле») qəbul etmişdi. Daha sonra — 1899-cu ildə isə bu qərara əlavə kimi daha bir sənəd qəbul etmişdi.

Küçələrin abadlaşdırılması, daha doğrusu zibildən təmizlənməsi məsələsi Duma üzvləri həmişə ciddi düşündürmüşdü: belə ki, 1878-ci ildə belə qərara alınmışdı ki, faytonçular və arabaçılar vergi ödəməlidirlər. Elə həmin ilin noyabr ayında Duma küçələrin abadlaşdırılmasına şəhər büdcəsindən 5 min rubl ayırdı.

Bütün görülən tədbirlər və atılan addımlar, təbii ki, şəhərin mərkəzi hissəsinə şamil edilir, ətraflar-yəni kasıb təbəqənin yaşadığı ərazilər diqqətdən kənarda qalırdı. Amma şəhərdə kanalizasiya sisteminin olmamağı səbəbindən küçələrin antisanitariya vəziyyəti ilə bağlı görülən tədbirlər heç şəhərin mərkəzində də bir nəticə vermirdi. Vəsaitin qənaətlə xərclənməsi də «pulun çölə tökülməsi» kimi görünürdü: belə ki, 1894-cü ildə Bakı küçələrinin genişləndirilməsinə və küçələrlə bağlı digər tədbirlərə ayrılan 15 min rubl vəsait son dərəcə cüzi idi və istənilən nəticənin alınması üçün kifayət etmirdi. Bu səbəbdən də 1895-ci ildə Duma Qara şəhərdən Ağ şəhərədək şosenin çəkilməsinə 33, 5 min rubl ayırmalı oldu.

Həmin illərdə küçələrə porfirit və çay daşı (булыжник) döşənirdi. Küçələrin təmizlənməsi işi isə XIX əsrin 90-cı illərinə kimi əhali tərəfindən aparılırdı. 1898-ci ilə qədər təmizlənmə məsələləri podrat üsulu ilə həyata keçirildi ki, həmin ərazilərdə (küçələrdə) yaşayan əhali şəhər xəzinəsinə (kassasına) işin dəyərinin 2 %-i ödəməli oldular.

1898-ci ildə podrat üsulu təsərrüfat üsulu ilə əvəzləndi. 1.01. 1909-cu il tarixindən isə şəhər rəisinin (градоначальник) tələbi ilə bu işləri şəhərin mərkəzində çalışan küçə süpürənlər aparmağa başladı. Ərazi sakinləri isə bu xidmətə görə əvvəlki kimi 2 deyil, 1, 3 % haqq ödəməli oldu. Amma 1913-cü ildən yenə də 2 % ödəniş üsulu bərpa edildi.

Sevda Rəsulova

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bölmə müdiri