O dövrün tamaşa müəssisələri

001

 

 

 

 

O dövrün tamaşa müəssisələri

1873-cü il, mart

Bakıda ilk teatr tamaşasının səhnəyə qoyulması Bakı realnı məktəbinin şagirdi Nəcəf bəy Vəzirovun adı ilə bağlıdır. N. Vəzirov A. Ostrovskinin əsərinin tamaşasına baxandan sonra təəssüratlarını müəlliminə danışır. Həsən bəy M. F. Axundovun pyeslərinin məcmuəsi şəklində Tiflisdə çapdan çıxmış «Təmsilat»  kitabını ona verib başqa şagirdlərlə birgə oxumasını məsləhət görür. Çox keçmir ki, realnı məktəbin yuxarı sinif şagirdləri H. Zərdabinin köməyi ilə M. F. Axundovun «Lənkəran xanının vəziri» komediyasını tamaşaya qoyurlar. Beləliklə, Bakıda Azərbaycan teatrının əsası qoyulur.

Bundan sonra «Hacı Qara» pyesi oynanılır. M. F. Axundov sevinc içində Zərdabiyə yazdığı məktubunda Bakı gənclərinin bu işindən çox məmnun olduğunu və iştirak edə bilmədiyinə görə təəssüfünü bildirir. Zərdabi bir məqaləsində belə yazırdı: «Mən Tiflisdə qulluq edən vaxtda mərhum M. F. Axundzadə öz komediya kitabının bir cildini mənə vermişdi. Gimnaziyada 50-yə qədər müsəlman şagird vardı ki, onlardan 30-u pansionda oxuyurdu. Onlardan 10-15-i axırıncı klaslarda idi. Bir neçə gün onları yığıb M. F. Axundovun komediyalarını onlara oxuyub təvəqqe elədim ki, onların birisini seçib oynasınlar. «Hacı Qara»nı seçdilər. Sonra rollarını paylayıb, bayram günləri onları yığıb öyrədəndən sonra elannamələr yazıb payladıq ki, filan günü filan yerdə müsəlman teatrı çıxacaq. Oynayanlardan hər kəs qərib-qürəbalardan özlərinə paltar və qeyri tapdılar. Otaqların bəzəklərini də özümüz qayırdıq. Gimnaziyanın böyük otaqlarının birində teatr çıxartdıq. Əvvəlinci teatrımıza gələn müsəlman sox az idi. Hamısı qərib-qürəba idi. Oynayanlar çox yaxşı oynadı. Ələlxüsus Əsgər bəy Adıgözəlov Hacı Qaranı. Bizim Bakıda müsəlman teatrı çıxardığımızı Tiflis qəzetlərində yazmışdılar. Mərhum M. F. Axundov onu oxuyub mənə uzun bir kağız yazmışdı. Çox razılıq eləmişdi ki, sağlığında onun komediyasını müsəlmanlar öz dillərində çıxartdılar və çox heyfsilənmişdi ki, özü də gəlib öz gözləri ilə görəydi…»

Lakin bu teatr heyəti uzun müddət davam edə bilmədi.  Vəzirov Rusiyaya təhsil dalınca getmişdi.  Zərdabi isə «Əkinçi» qəzeti ilə məşğul idi…

Bakılıların bu ilk təşəbbüsü Azərbaycanın Nuxa, Nuba, Şuşa kimi şəhərlərinə də sirayət etdi.

XIX əsrin sonlarında Bakının iqtisadi və mədəni inkişafı teatr həyatını canlandırdı. Həmin illərdə H. Zərdabinin başçılığı altında «Drama cəmiyyəti» yaradıldı. Bu cəmiyyət Bakıda dramaturgiyanın inkişafında böyük rol oynadı. Rus və Avropa klassiklərinin əsərləri: Şekspirin «Otello», «Şillerin «Qaçaqlar», Qoqolun «Müfəttiş» əsərləri Azərbaycan dilində səslənirdi ki, bu barədə də H. Ərəblinski barədə verilən yazıda geniş bəhs olunmuşdur.

ƏSİL TEATR BİNASI»…

1882

Sənaye şəhəri olan Bakının sürətlə inkişafı dövründə (XIX əsrin sonu — XX əsrin əvvəlləri) Hacı Zeynalabdin Tağıyev yaranmış vəziyyətdən yararlanmaq qərarına gəlir və Bakıda əsil teatr binası inşa etdirmək fikrinə düşür.

«…Şəxsi sahəsində Qorçakovski və Merkuryev küçəsinin tinində tikinti aparmaq üçün Bakı şəhər İdarəsinin (Бакинская городская управа) təsdiqinə layihə təqdim edir. Sahə şəhərin mərkəzində yerləşdiyi və öz sərfəli mövqeyinin olduğuna görə zəngin məhəllələrdən bir qədər ayrı olan Teatralnıy meydanından üstün idi.

Burada böyük taxıl anbarının binası var idi: yiyəsi bu geniş binanı əsaslı surətdə yenidən quraraq teatra çevirməyi qərara aldı. Sifarişi alan memar binanın funksional təyinatına cavab verməsi üçün planlaşdırma və konstruktor işləri görməli oldu. Layihə 35 vərəqdə işlənib hazırlanmışdı. Teatrın qurulmasına mühəndis-texnoloq Ferdinand Lemkul nəzarət edirdi.

Tağıyevin teatrı, XIX əsrin sonunda inşa edilən, Bakıda bu üslubda olan yeganə əsaslı bina, mövcud olduğu müddətdə dəfələrlə yenidənqurmaya məruz qalmış, yanmış və bərpa olunmuşdur. Bu prosesdə memarlıq-planlaşdırma kompozisiyası, interyerlərin işlənməsi və fasadın dekorunun keyfiyyəti yaxşılaşırdı. Təəssüf ki, arxivlərdə nə əvvəlki, nə də sonrakı işlərin çertyojları saxlanmamışdır. Təsvir verilmədiyindən teatrın memarlıq simasını və erkən dövrün tamaşa zalını təsəvvür etmək mümkün deyil.

1883-cü ilin sonunda teatr F. Lemkulun nəzarəti altında tikildi və noyabrın 23-də binaların qəbulu üzrə xüsusi komissiya, konstruktiv planlaşdırma və yanğındanqoruma səciyyəli iki akt tərtib etdi. Yeni teatr binasının çatışmazlıqları, memarın tamaşa binalarının tikintisinin spesifik xüsusiyyətlərini və texnologiyasını kifayət qədər bilmədiyindən, planlaşdırma, konstruktiv və memarlıq xüsusiyyətli çətinliklərlə üz-üzə gəlməsindən irəli gəlirdi.

Bakı cəmiyyətində yeni teatrın tikintisi haqqındakı söhbətlər Tağıyevi teatrın yenilənməsi ilə ciddi məşğul olmağa vadar etdi.

1898-ci ildə mülki mühəndis P. İ. Koqnovitskinin rəhbərliyi və xüsusi dəvət olunmuş İ. V. Qoslavskinin rəhbərliyi altında teatrın köklü yeniləşdirilməsi həyata keçirilmişdir. Teatrın əsas mərkəzi hissəsi və tamaşa zalı məkanı, kompozisiya və dekorativ cəhətdən dəyişikliklərə uğradı. Tamaşa zalında yerlərin sayı 1200-ə çatdı,  təqribən 2 dəfə artdı. Zal daha tutumlu oldu. Buna mövcud yarusların və parterlərin arasında, qubernator lojası və eyni səviyyədə yeni lojalar yarusunun quraşdırılması nəticəsində nail olundu. İnteryer, təbii ki, dəyişdi, əvvəlkinə nisbətən daha təmtəraqlı oldu.

Tamaşa zalının ümumi strukturunda dəyişikliklər istismar və kompozisiya xüsusiyyətlərini yaxşılaşdırdı: genişlənmiş parter, iki yarusda lojalar, yuxarı və aşağı balkonlar meydana çıxdı. Zalın forması nal şəklini aldığından lojalardan səhnə yaxşı göründü. Səhnədən baxanda əvvəlki görkəmsiz tamaşa zalının yerinə tamamilə başqa, renessans üslubunda bahalı yapma detallarla işlənmiş qızılı və noxudu parter, loja və balkonların daha effektiv mənzərəsi açılırdı. Loja və baryerlər H. Z. Tağıyevin hörmət bəslədiyi memar İ. V. Qoslavskidən tələb etdiyi tamaşa zalının rəng çalarlarını tamamlayan mavi məxmərlə işlənmişdi.

Teatrın köklü surətdə yenidən qurulması zamanı yalnız tamaşa zalı deyil, əsas qrupun qalan otaqları da: əsas vestibül, foye, bufet və s. yenidən tikilmişdir. Tamaşaçılar vestibüldən bahalı divar kağızları ilə işlənmiş bufetin geniş otağına və teatrın ikinci yarusunda düzəldilmiş foyeyə çıxırdılar. Otaq qrupunun mərkəzi kimi qurulan foye memarın xüsusi diqqət mövzusu idi. Şərqi üslubda icra olunmuş və müvafiq rənglərə boyanmış zəngin memarlıq tərtibatı, tamaşaçını gözəl bəzənmiş tamaşa zalına girməyə hazırlayırdı. Foye üçün xüsusi işlənmiş ümumi interyerə daxil olan şərqi üslubda terrakota sobalar sifariş olunmuşdu. Teatrın bütün otaq və dəhlizlərində kaşı sobalar qurulmuşdu. Naxışlı inşaat materialları, dəhliz və sanitar qruplarında divar və döşəmələrin üzlənməsi üçün istifadə olunan tamet və kaşı plitələri, müasir tikinti texnikasında proqressiv material kimi öz istifadəsini tapdı. Beləliklə, teatr və bütövlükdə teatr məkanı, xüsusilə tamaşa zalı İ. F. Qoslavskiyə və onun himayəçisi H. Z. Tağıyevə layiq möhtəşəm interyerlə bəzədildi.

Teatr 1909-cu ildə yandı, lakin onu artıq 1904-cü ildə dünyasını dəyişən Qoslavskisiz bərpa etdilər. 1918-ci ilin fevralında yenidən, erməni quldur dəstəsi tərəfindən yandırılan teatr binası yalnız 1921-1922-ci illərdə tamamilə yeni görkəmə salındı, bərpa edildi, çünki yanğından sonra teatr binasının divarlarından başqa heç nə qalmamışdı.[1]

O zaman Bakıda kinoteatr binalarından əlavə müxtəlif tamaşa müəssisələri də fəaliyyət göstərirdi.  Doğrudur, bu müəssisələrin əksəriyyəti xüsusi adamların əlində idi, bəziləri də hökumət tərəfindən ayrı-ayrı adamlara icarəyə verilmişdi.  Elə tamaşa müəssisələri də vardı ki, onlar icarə yolu ilə şəhərə qastrola gəlmiş truppaların sərəncamına verilirdi.

Kinoteatrların əksəriyyəti isə daimi fəaliyyət göstərirdi.  1900-cü ildən sonra Bakıda 15-ə qədər kinoteatr mövcud idi.  O zaman kinoteatrlar sinematoqraf adlanırdı.

Ən məşhur kinoteatr «FENOMEN» kinoteatrı idi.  O zaman bu kinoteatr indiki Kukla teatrının binasında idi.  «RENESANS» kinoteatrı indiki «Vətən» kinoteatrının binasında yerləşirdi.[2]  «AMPİR» kinoteatrı keçmiş Malakan, indiki Xaqani küçəsində, «Aktyor evi»nin yerində idi.  Sovet dövründə bina sökülənədək burada Gənc Tamaşaçılar Teatrı fəaliyyət göstərirdi.  «FORUM» kinoteatrı ən məşhur kinoteatr idi.  Sovet hakimiyyəti illərində «26-lar» kinoteatrı adlanırdı.  Sonralar bu bina sökülmüş, əvəzində böyük yaşayış binası tikilmişdir.

«FORUM» Большой морской  (Bülbül) prospekti ilə «Telefonnı»  (indiki 28 may) küçəsinin tinində yerləşirdi.  «EDİSSON» kinoteatrı Bülbül prospekti ilə Ü. Hacıbəyov küçələrinin kəsişdiyi yerdə, indiki «Sahil» metrosunun yerində idi.

«KOLİZEY» kinoteatrı Nizami küçəsində Opera teatrı ilə üzbəüz köhnə binada yerləşirdi.  Sovet hakimiyyəti illərində bu binanın yerində əvvəllər Musiqili Teatrın binası yerləşirdi, o söküldükdən sonra yerində hazırkı Gənc Tamaşaçılar Teatrının əzəmətli binası ucaldılmışdır.  «EKSPRES» kinoteatrı isə indiki M.Ə.  Rəsulzadə  (keçmiş Olqa) küçəsində  (indiki «Azərbaycan» kinoteatrının binasında) yerləşirdi.  Sovet hakimiyyəti illərində bu kinoteatr uzun müddət «Qızıl Şərq» adlanırdı.  «REKORD» kinoteatrı Birja, sonralar Hürriyyət adlanan meydanda taxtadan tikilmiş binada yerləşirdi.  Bu bina həm kino göstərilmək, həm də sirk tamaşaları üçün nəzərdə tutulduğundan dairəvi şəkildə idi.

«MİNYON» kinoteatrı  İndiki «Araz» kinoteatrının binasında yerləşirdi.  30-cu illərdə burada Gənclər teatrı fəaliyyət göstərirdi.  Sonralar təzədən kinoteatra çevrildi.  «YARDIM» kinoteatrı  Sovet hakimiyyətində də kinoteatr binası olaraq qalırdı.  Təkcə adı dəyişdirilib «Ulduz» olmuşdu.

Bunlardan başqa iki kinoteatr da vardı ki, bunlar şəhərin iki böyük ticarət mərkəzləri olan pasajlarda yerləşirdi.  Bunlardan biri H.Z.  Tağıyevin pasajında  (univermaq) yerləşən «FRANSIZ ELEKTRO BİOQRAFI» kinoteatrı, o biri isə Великая княжеская  (Ə.  Əliyev) küçəsində Kələntərovun pasajında  (indiki AHİ-nin binasında) yerləşən «MUZA» kinoteatrı idi. «ODEON» kinoteatrı Merkuri  (indiki Azərbaycan prospekti) ilə Milyutin  (indiki Əlyarbəyov) küçələrinin kəsişdiyi yerdə fəaliyyət göstərirdi.

 

[1] Fətullayev-Fiqarov Ş., İ.V. Qoslavskiy-Qafqazlı Rastrelli. «Şərq-Qərb» Nəşriyyat Evi, Bakı-2013, s. 27-28.

[2] İlkin Q. Bakı və bakılılar. Zaman n-tı, B. 1998, s. 202.

Sevda Rəsulova

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bölmə müdiri

BAKIDA İLK TƏHSİL OCAQLARI

BAKIDA İLK TƏHSİL OCAQLARI

Qız gimnaziyaları – orta ümumtəhsil təhsil müəssisələri

Rusiyada ilk Qız gimnaziyaları imperatriçə Mariyanın idarələri dəftərxanasına məxsus qız məktəbləri əsasında 1862-ci ildən yaradılmış, 1870-ci ildə Maarif nazirliyinin əsasnaməsinə görə bütün qız məktəbləri Qız gimnaziyaları və progimnaziyalarına çevrilmişdi. XIX əsrin axırlarında Rusiyada 142 dövlət, 28 xüsusi və 29 Mariya qız gimnaziyası var idi. 1915-ci ilə qədər Rusiyada Qız gimnaziyalarının sayı 913-ə çatırdı. Azərbaycanda ilk qız gimnaziyası 1874-cü ildə Bakıda yaradılmışdır.   (ikincisi 1903, üçüncüsü isə 1903-cü ildə açılmışdı). 1885-ci ildən Gəncədə fəaliyyət göstərən «Müqəddəs Nina» qız məktəbi 1904-cü ildə 7 illik qız gimnaziyasına çevrildi. Bunlardan əlavə 1919-17-ci illərdə Bakıda üç xüsusi qız gimnaziyası var idi. Qız gimnaziyasında dərslər rus dilində aparılırdı. Burada ilahiyyat, rus dili, riyaziyyat, tarix, coğrafiya, təbiətşünaslıq, fizika, kosmoqrafiya, gigiyena, latın, fransız, alman dilləri, əl işi, rəsm, hüsnxət, habelə yerli uşaqlar üçün Azərbaycan dili təlim edilirdi. Oktyabr çevrilişindən sonra  (Azərbaycanda 1920-ci ildən sonra) Qızlar gimnaziyaları köhnə məktəb tipli ünsür kimi ləğv edilmişdi.[1]

ASE (III c.)-nin baş redaksiyası, Bakı, 1979, s. 153.

2012-ci ildə Bakıda qəza məktəblərinin (уездные училища)  açılışının 180-ci il dönümü qeyd edilir.

  1. 01. 1832-ci ilədək «Neft şəhəri» adını hələ almamış Bakıda bir təhsil ocağı belə yox idi. Bir çox məhəllələrdə məscidlərin nəzdində fəaliyyət göstərən mollaxanalar vardı ki, orada da, yuxarıda deyildiyi kimi uşaqlar gələcəyin din xadimi kimi hazırlanır, onlara «Quran-kərim»i əzbərlədir, dini kitabları oxutdurur və əlifba ilə ərəb dilinin bir çox qanunlarını öyrədirdilər. Azərbaycan dili tədris edilmirdi.

Bakı şəhərində ilk təhsil ocağının 1887-ci ildə fəaliyyətə başlaması.

Bu vaxta qədər əldə edilən materiallarda Bakı barədə səhv fikirlər yaranır. Amma uzun araşdırmalardan sonra tədqiqatçı Ənvər Mirzəqulu oğlu Əhmədov belə qənaətə gəlir ki, Qafqaz canişininin iqamətgahının yerləşdiyi Tbilisidə arxiv materiallarına müraciət etmək düzgün olardı. Gözlənilən nəticə əldə edən tarixçi aşkara çıxarır ki, 3 rəqəmi səhvən 8 kimi oxunduğundan tarix «1887-ci il» rəqəmi tarixə düşmüşdür.[2]   «1850-ci ildə hökumət müsəlman uşaqları üçün ibtidai məktəb açır, uç müəllim təyin olunur. Rus dili müəlliminə dövlət xəzinəsindən maaş verilirdi, iki müsəlman müəllimini isə camaat özü dolandırırdı.  Yerli camaat təhsilə fikir vermir, hər kəs övladına öz sənətini öyrədirdi. Dövlətlilər və bəylər də uşaqlarını məktəbə çətinliklə göndərirdilər.

1872-ci ildə altı illik şəhər məktəbləri təsis edilir. Təhsil haqqını maarif müfəttişi valideynlərin maddi vəziyyətinə görə təyin edirdi. Dörd sinfi əla qurtaranlara gimnaziya və ya realnı məktəblərinin birinci sinfinə daxil olmaq hüququ verilirdi.[3]

  1. Dənizçilik sənətinin inkişaf etməsi ilə bağlı Bakıda dənizçilik məktəbi təsis edildi.
  2. S. Qənizadə və H. Mahmudbəyovun səyi ilə rus-tatar məktəbinin açılması barədə qərar qəbul edildi.
  3. Bakıda 40-dan çox məktəb, 10000 şagird vardı.
  4. 1 rus tatar məktəbinin açılması
  5. 3-cü rus-tatar məktəbinin açılması. Həmin il Bələdiyyə idarəsi qərar çıxarır ki, şərabxana, çaxır satan dükanlar məbədlərdən, kilsə, məscid və məktəb binalarından 130 metr aralı olmalıdır.

1898-1900. Bakı orta texniki peşə məktəbi.

  1. H. Z. Tağıyev müsəlman qızları üçün «Müqəddəs Nina» qız məktəbinin rus cəmiyyəti-xeyriyyəsinin analoqu olan məktəbin açılması və qızların orada orta təhsillə yanaşı, müasir elm və mədəniyyət barədə məlumatlara yiyələnməsi.

Məktəb şagirdlərini yaşlı insanlar gətirib-aparır, varlı uşaqlarının (xüsusilə qız məktəbində təhsil alan qızların) dalınca fayton gələrdi. Küçələr təhlükəsiz deyildi: qoçu-başkəsən, təhsilə düşmək kəsilən nadanlar və cibgirlərlə dolu idi. Bir çox qoçuların məqsədi isə təhsilə mane olmaq deyil, varlılardın pul qoparmaq üçün onların uşaqlarını girov götürmək idi. Dövlətli uşaqları mühafizəçilər tərəfindən qorunurdular.

Məktəb binalarının darvazaları həmişə bağlı olar, linglə bərkidilər, qapılara iri qıfıllar vurulardı. Binanı və uşaqları qoruyan dalandarla pəncərədən bayıra baxar, kənar adamları həyətə belə buraxmazdılar. Valideyn və ya uşaqlardan kiminsə qəyyumunu görən kimi darvazanın ortasındakı bala qapını açıb həmin adamı içəri buraxar, tez də qapını bağlayardılar. Məktəblərdə təhsil pullu olsa da, imkansızlar və yetim qalmış uşaqlar ödənişdən azad idi.

QORİ SEMİNARİYASI. (Zaqafqaziya  (Qori) müəllimlər seminariyası Zaqafqaziyanın, əsasən yerli əhalidən ibtidai məktəb müəllimi hazırlayan orta təhsil müəssisəsi. K. D. Uşinskinin layihəsi əsasında 1876-cı ildə Qori şəhərində açılmışdı. Qori seminariyasında dövlət hesabına oxuyan şagirdlərdən əlavə zemstvo, şəhər və kənd təşkilatları təqaüdçüləri, öz xərcinə oxuyan şagirdlər də var idi. Qori seminariyasında hesab, həndəsə, tarix, coğrafiya, təbiət, ana dili  (rus, Azərbaycan, gürcü və erməni şöbələrində milli dil), pedaqogika, psixologiya ilə birlikdə hüsnxət, rəsm, musiqi, nəğmə, səhiyyə və tibb də tədris edilirdi. Seminariyada pedaqoji təcrübəyə böyük əhəmiyyət verilirdi. Tədris prosesinin düzgün təşkilində və K. D. Uşinski ideyalarının yayılmasında Qori seminariyası Rusiyanın ən qabaqcıl seminariyalarından biri idi. Müəllim seminariyaları və institutlarının 1900-cü ildə Parisdə keçirilmiş ümumdünya sərgisində iştirak edən Qori seminariyası metodik işlərin təşkilinə görə qızıl medala layiq görülmüşdü. Seminariyanın Azərbaycan şöbəsi 1879-cu ildə fəaliyyətə başlamışdı. Azərbaycan şöbəsinin yaradılmasında M. F. Axundovun böyük rolu olmuşdur. Gələcək azərbaycanlı müəllimlərin hazırlanmasında bu şöbənin müfəttişi, Mərəzədən olan A. O. Çernyayevskinin xidməti təqdirəlayiqdir. Qori seminariyasında təhsil rus dilində idi. Azərbaycan dili isə yalnız Azərbaycan şöbəsində fənn kimi tədris edilirdi. Yuxarı hazırlıq sinfinin tələblərinə cavab verə biləcək müsəlman şagirdlərinin sayı az olduğundan Rusiyadakı başqa müəllim seminariyalarından fərqli olaraq, Qori seminariyasında üç əsas və bir yuxarı hazırlıq sinfi ilə yanaşı, aşağı hazırlıq sinfi də təsis edilmişdi. Buraya yaşı 15-dən yuxarı olmayan, əsasən, az hazırlıqlı kəndli müsəlman uşaqları qəbul edilirdi. Azərbaycan şöbəsinin şagirdləri Azərbaycan dili və şəriət dərslərindən başqa bütün fənləri xristian uşaqları ilə bir yerdə keçir və təlim kursunu bitirdikdən sonra onlarla eyni hüquqa malik olurdular.

Qori seminariyasında mütərəqqi müəllimlər qabaqcıl ideyaları təbliğ etmək üçün sinifdənkənar tədbirlərdən  (sinifdənkənar qiraət, ekskursiya və gəzintilər, özfəaliyyət gecələri, səhərciklər, əmək işləri, idman və s.) geniş istifadə edirdilər. Məhz onların təsiri ilə seminaristlər arasında inqilabi əhval-ruhiyyə yayılmışdı. 1 rus inqilabı zamanı Qori seminariyasının rus, gürcü, erməni və Azərbaycan şagirdləri Qori gənclərinin nümayişində mütərəqqi tələblərlə fəal iştirak etmişdilər. Qori seminariyası Zaqafqaziya xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni inkişafında mühüm rol oynamışdır. Seminariyanın məzunlarından C. Məmmədquluzadə, N. Nərimanov, Ü. Hacıbəyov, M. Maqomayev, F. B. Köçərli, S. M. Qənizadə, R. Əfəndiyev, F. Ağazadə, S. Vəlibəyov və b.  Azərbaycanda xalq maarifinin inkişafı uğrunda yorulmadan mübarizə aparmış, rus dilinin, qabaqcıl rus və dünya mədəniyyətinin təbliğatçıları olmuşlar. Qori seminariyası 1918-ci ilədək fəaliyyət göstərmişdir. Seminariyanın Azərbaycan şöbəsi 1918-ci ildə F. B.  Köçərlinin rəhbərliyi ilə Qazan şəhərinə köçürülmüşdür.[4] [5]

Bununla belə XX əsrin əvvəllərində Qori seminariyasında milli müəllim kadrlarının hazırlanması sistemi Azərbaycanın mütərəqqi ziyalılarını qane etmirdi.  Ə. Ağayev (Ağaoğlu) 1905-ci ildə həmin seminariyada kadrların hazırlanması sistemini tənqid edərək, buradakı təhsil metodlarını «missioner pedaqogikası» adlandırmışdı. O, həmin seminariyanın direktoru Miropiyevin fəaliyyəti haqqında yazırdı ki, o, hər şeydən əvvəl ruslaşdırma vəzifələrini yerinə yetirir və onun bu təhsil müəssisəsinə rəhbər təyin olunması ilə seminariya müəllimlər yox, məmurlar hazırlamağa başlamışdır. Ə. Ağayev 1905-ci il mayın 22-də «Kaspi» qəzetində dərc olunmuş məqaləsində seminariyanın islam dini qanunlarının öyrənilməsinə dair buraxdığı dərs vəsaitinin müsəlman cəmiyyətində narazılıqdan və məktəbə ümumi nifrətdən başqa bir hiss doğurmadığını xüsusi qeyd edirdi. Azərbaycan ziyalıları Qori seminariyasını başçılarının fəaliyyətinə xalq maarifi sahəsində dövlət siyasəti kontekstində yanaşırdılar. 1906-cı ildə mətbuatda seminariyanın Bakıda şöbəsinin açılması məsələsi qaldırılmışdı. Nəhayət 1914-cü ildə Gəncədə müəllimlər seminariyası açılmış, 1916-cı ildə belə bir seminariya Bakıda fəaliyyətə başlamışdı. 1918-ci ildə Qori seminariyasının Azərbaycan şöbəsi AXC hökuməti tərəfindən Qazaxa köçürüldü və müstəqillik statusu aldı. Seminariyada başqa tədbirlərlə yanaşı, milli məktəblər üçün peşəkar müəllimlər hazırlanmalı idi. F. Köçərli onun direktoru təyin olundu.[6] [7] [8] [9]

BAKI ORTA TEXNİKİ PEŞƏ MƏKTƏBİ. 1898-1900) Stanislavski küçəsi (indiki Azadlıq prospekti) 20.

Neft akademiyasının binası.

Layihənin müzakirəsi zamanı mühəndis-texnoloq Fərux bəy Vəzirov qeyd etmişdi ki, layihə «çox geniş tərtib olunubdur, misal üçün, laboratoriyanın layihəsi o qədər böyükdür ki,  “beləsi nə Peterburq Universitetində, nə də Texnoloji və Mədən İnstitutlarında var”. Vəzirov binanın həcmini və tikintinin qiymətini azaltmağı təklif etdi. Müəllif (İ. V. Qoslavskiy) layihəsini müdafiə edərək israr edirdi ki, smeta «ən cüzi hesablamalarla tərtib olunub və heç bir azaltma imkanı yoxdur». Layihə dəyişikliksiz təsdiq olundu və 20 avqust 1898-ci ildə məktəbin təməli qoyuldu.

Məktəbin ikimərtəbəli binası doğrudan da sonradan 1920-ci ildə onu ali məktəbə uyğunlaşdırmasını yüngülləşdirən geniş auditoriyalardan, dəhliz və pilləkənlərdən ibarət idi.  (Müəllif Ş. Fətullayev-Fiqarov «1901-ci ilin iyun ayında məktəbin keçdiyi yeni binanın planı»nı arxivdən əldə etmişdir).

Binanın planlaşdırma strukturunun mərkəzi, mehvər kompozisiyası Rusiya imperiyasının təhsil müəssisələrinə xas olan ən yaxşı ənənələri əks etdirir. Geniş vestibüldən ikinci mərtəbəyə baş üçsəviyyəli pilləkən açılır. Uzununa olan istiqamətdə geniş tənəffüs otaqları, ikinci mərtəbədə müəllimlər üçün böyük otaq, tələbələr üçün auditoriyalar yerləşir. Əsas korpusun yanlarında perpendikulyar balaca laboratoriyalar yerləşir. Baş pilləkənin qarşısında taraşlı səhnə ilə uzadılmış formada akt zalı yerləşib. Beləliklə, İ. Qoslavski  gələcəkdə onun ali müəssisəyə çevrilməsi ehtimalı ilə orta təhsil müəssisəsi yaratdı.

Məktəbin klassik üsul və formalı əsas fasadı, order sisteminin portal sütunlarının iştirakı ilə yetərincə plastik və möhtəşəmdir. İ. Qoslavski təmiz yonulmuş daşdan istifadə edərək eyni zamanda fasadın divarına dekorativ tərzli yeni süni material-yanmış kərpic ölçüsündə qırmızı rənglə plitkanı əlavə etmişdir. Bu material sonralar Bakının tikililərində, o cümlədən Bakı Dumasının divarlarında istifadə olunurdu.[10]

Bakı müsəlman Aleksandrovka qız məktəbi

Yazıçı Manaf Süleymanov həmin məktəbin məzunlarından olan Nabat xanım Nərimanova ilə şəxsən görüşmüş və onun xatirələrindən belə nəticə çıxarmışdır ki, məzunlar həmin illəri o qədər əziz tuturlar ki, bu barədə həyəcansız, göz yaşları axıtmadan danışa bilmirlər.

Yaxın və Orta Şərqdə, bütün müsəlman aləmində avropasayağı qız məktəbi olan həmin tədris ocağını bitirən qızlar Azərbaycanın ilk və əsas müəllim kadrları idi. Amma məktəbi bitirib iqtisadçı, rəssam, kitabxanaçı, həkim kimi ixtisaslara yiyələnmək üçün təhsilini davam etdirənlər də vardı.

«İlk illərdə geyim forması Dağıstan qızlarının libası idi. Neçə ildən sonra rus qız məktəblərinin geyimi ilə əvəz edildi. Həm qış, həm yay forması vardı. Gündəlik paltarlardan başqa bayram və mərasim geyimi tətbiq edilirdi. Ayaqqabı həmişə təmiz olmalı idi. Məktəbdə xüsusi dərzixana vardı. İki dərzi arvad həyətdəki binada işləyirdilər.[11]   Həmin məktəbdə dərs deyən müəllimlər bilikli olmaqla yanaşı həm də qızlara qarşı qayğıkeş və diqqətli idilər. Dərsi dönə-dönə izah edər, mövzunun qavranılmasına əmin olardılar. Şagirdlərin əksəriyyəti Tiflis və Qarabağ bölgəsindən gələnlər idi. Bakı varlılarının qızları olan tələbələr isə orada deyil, öz evlərində qalır, faytonla səhərlər dərsə gəlir, məktəbdə nahar edəndən sonra isə axşamüstü faytonla evə dönürdülər.

«Novruz, orucluq, qurban bayramlarında məktəbdə sərgi düzəldərdilər. Qızların əl işləri nümayiş etdirilərdi.  …zənən xeylaqları sərgiyə dəvət edilərdi; balaca qonaqlıq da verilərdi.»[12]  Məktəbə yalnız qadın müdirə təyin olunurdu ki, onlardan biri də Peterburq Universitetinin iki fakültəsini, fizika-riyaziyyat və pedaqogika fakültələrini məzunu, tələbkar pedaqoq Səlimə Yaqubova idi. Məktəbin nəzdində fəaliyyət göstərən 2 illik müəllimlər kursuna da o rəhbərlik edirdi.

Məktəbin zəngin kitabxanasında rus və Avropa klassiklərinin, o cümlədən, Nizami, Hafiz, Füzuli, Puşkin, Lermontov, Turgenev, Tolstoy, Şekspir, Bayron, Şiller, Molyer, Volter, Seyid Əzim Şirvani, Tofiq Fikrət, Namil Kamal və başqalarının əsərləri vardı.  «Molla Nəsrəddin» başda olmaqla çoxlu sayda dərgilər mütəmadi olaraq alınırdı.

Bundan əlavə, zooloji və anatomik atlaslar, heyvanların, quşların şəkilləri, müqəvvaları, İmtahanlara bəzən maarif inspektoru da dəvət olunardı. Millət atası Hacı Zeynalabdin imtahanlara gələr, gözəl cavab verən savadlı qız görəndə uşaq kimi sevinərdi. Bu sevinc onu məktəbə yeni sərmayələr qoymağa, Moskvaya, Parisə gedərək qızların təhsilinin təkmilləşdirilməsinə aid tövsiyələrdən bəhrələnib yeni işlər görməyə ilhamlandırardı.

«Tiflisdə isə müsəlman qız məktəbi ancaq 1906-cı ildə açıldı. Hacını açılışa dəvət etdilər, xəstə olduğuna görə gedə bilmir, lakin məktəbi maliyyə cəhətdən möhkəmləndirmək üçün 25. 000 manat toxunulmaz vəsait göndərir».[13]  Mətbuatla bağlı materialda yazıldığı kimi Ömər Faiq Nemanzadə 1900-cü ildə ilk dəfə Tiflisdən Bakıya gələrkən burada onu maraqlandıran mətbuat sahəsində türkcə sanballı bir nəşriyyat və ya maarif ocağı görmədiyindən  (türklərin rus dilində nəşr edilən «Kaspi» qəzetindən başqa) çox mütəəssir olmuşdu. O, özünün yazdığı kimi burada molla və axundlar, neft buruğu, paroxod sahibləri, milyonçu türklər (azərbaycanlılar)və maariflə bağlı bir-iki ibtidai məktəbdən savayı bir şey görməmişdi.

Bakının «türk maarifi üzərinə qara bir cizgi» çəkmək zorunda olarkən gözləmədiyi bir mənzərə ilə qarşılaşır: Qız məktəbinin fəaliyyəti onu o qədər vəcdə gətirir ki, «Xeyri-məzlumə» imzası ilə İstanbulda çıxan «Sərvəti-fünun» məcmuəsinə uzun bir məqalə göndərir. Bakıda möcüzə hesab edilən bu qız məktəbi osmanlı türklərini o qədər sevindirir ki, məqaləni onun ünvanlandığı qəzetdə deyil, bir çox qəzetlərdə də çap edirlər. Nemanzadəni bir cəhət xüsusilə sevindirirdi: artıq «göstəriş verənlər» içərisində rus məmurlarından çox müsəlman ruhanilərinə rast gəlmək olurdu.

Bakıda gedən proseslər əyalətlərə də təsir edirdi. Məsələn, Şəkidə sünni və şiə ziyalılarının açdıqları məktəbləri birləşdirərək qardaşlaşmış şəkildə fəaliyyət göstərmək qərarını vermişdilər. Amma təbii ki, hökumət məmurları belə sülh şəraitindən məmnun olmur, xalqı «özbaşına buraxdıqları» üçün bunun qarşısını almağa, xalqı birlik fikrindən yayındırmaq yolları axtarmağa başlamışdılar. Tarixdən bəllidir ki, belə məsələlərdə «düşməni öz əlilə vurmaq» üsulundan gözəl vasitə olmur. Şəki Ruhani idarəsində Əbdürrəhim Əfəndi adlı bir nəfər də canişin idarəsi tərəfindən aldığı gizli tapşırığa əsasən «sünni-şiə» «problemi»nin insanların yaddaşından silinməsinə yol vermədi…

Nemanzadənin gəldiyi kədərli nəticəyə görə neft Bakısı ən nüfuzlu milyonçuların, neftxudaların, ən hörmətli molla və axundların və eyni zamanda maarifin ən qorxulu düşmənlərinin yaşadığı məmləkət, həmçinin, Qafqazın bütün şəhərləri hələ ki, Tiflisə «arxadan baxırdılar»… Diqqət mərkəzində olan bu neft şəhərinin «yiyəsi» və gələcək plan və ümidlərini, neftlə bağlayan insanların maraqları vardı. Onlar müsəlman dünyasının inkişafını istəməsələr də, çar Rusiyası Bakısının inkişafında maraqlı idi. Bakının Tağıyev, Hacınski, Dadaşov, Nağıyev kimi millətini sevən milyonçuları və Zərdabi, Mirzə Cəlil, N. Nərimanov, Ə. Ağayev, H. M. Hacıbababəyov, A. Əfəndiyev, H. Mahmudbəyov, Ömər Faiq, Fərhad Ağazadə, H. Sarabski, H.  Ərəblinski və s. kimi ziyalıları vardı. 1913-cü ildə qızlar məktəbi müsəlman qızları üçün seminariyaya çevrildi və Hacı Zeynalabdin ilkin olaraq ayırdığı 150000 toxunulmaz vəsaitdən əlavə 100000 manat da vermişdi. Olqa pasajı seminariyanın ixtiyarına veriləcəkdi. Təəssüf ki, 1914-cü ildə başlanan 1 Dünya müharibəsi hər şeyi alt-üst etdi.

Oğlanlar üçün «SƏADƏT» MƏKTƏBİ

Çəmbərəkəndin ətəyində yerləşən tikintinin az aparıldığı məhəllələri ərazisində tikilmiş «Səadət» məktəbi (mülki mühəndis Zivər bəy Əhmədbəyov, 1912-1913-cü illər) Bakının maraqlı memarlıq tikililəri sırasına daxildir. Binanın planı uzunsov formaya  (129, 13 m.) malikdir. Planlaşdırma göstəriciləri, strukturuna sinif otaqlarının baş fasada, rekreasiya sisteminin həyətə yönəlmiş olduğu o dövrün məktəb tikintisi üçün səciyyəvi xüsusiyyətə malikdir.

Şəhər idarəsi tərəfindən vahid «birtipli» layihə əsasında tikilən şəhər məktəbləri sırasında «Səadət» məktəbi öz tədris proqramı və tələbləri, planının özəl şərhi və həcm-məkan xüsusiyyətləri ilə fərqlənirdi. Planın qəbul olunmuş ox-simmetriya kompozisiyası əlavə aralıq hollara müraciət etmədən inzibati hissənin mərkəzdə təşkil olunmasına  (Tağıyev məktəbində olduğu kimi) və cihazlarda yerləşdirilmiş tədris qrupu ilə dəqiq qarşılıqlı əlaqənin və uzlaşmanın əldə olunmasına yardım etmişdi.

Daha təmtəraqlı və giriş hissəsi kimi binanın əsas hissəsi ərazinin qırmızı xəttinə doğru irəli, sinif otaqlarının olduğu üfüqi, yan cinahlar isə içəriyə doğru çəkilmişdi. Belə planlaşdırma həlli sayəsində binanın istismar keyfiyyətləri yaxşılaşmış, məktəb isə bu üslubda şəhər qurğularına xas şablon görünüşü əvəzinə ifadəli həcm-məkan görünüşü qazanmışdı.

Binanın əsas və ikinci dərəcəli hissələrinin müəyyənləşdirilməsinə uyğun olaraq Azərbaycan və şərq motivlərinin əks olunduğu memarlıq kompozisiyası işlənmişdi. Gözəl təsvir olunmuş profillərlə üfqi detalların ciddiliyi, bütünlükdə binanın və onun ayrı-ayrı elementlərinin uğurlu nisbəti, memarlığın yerli koloriti həmin dövr üçün məktəb şəhərin ən yaxşı ictimai qurğuları sırasına daxil edir.[14]   Şagirdlər kitel geyinərdilər: hər qola bir sarı düymə, mavi zolaq olardı. Papağın ortasında nişan, üstündə məktəbin adı olardı.

Əbdülqasım Hüseynzadə  (o, 100 yaşa yaxın ömür sürmüş, Hacı Zeynalabdin Tağıyev, Üzeyir bəy Hacıbəyov kimi bir çox şəxsiyyətləri şəxsən görmüş, bir çox tarixi hadisələr onun yaddaşına həkk olunmuşdu) tədqiqatçı Manaf Süleymanova nəql edirdi ki, o zaman, yəni çar hökuməti dövründə məktəblərdə şagird qəbulu məhdud idi. Bu səbəbdən də cəmiyyəti-xeyriyyə oğlanlar üçün «Səadət» adlı məktəb açır. Amma toplanan pul azlıq etdiyi üçün Hacı Zeynalabdin Tağıyev 5000 manat əlavə etmişdi. Onlar indiki 2 №-li poliklinika, o vaxtkı Vəkilov müalicəxanasına bitişik mülkü kirayə verirdilər. İrandan gəlmiş Mirzə Ələkbər xan adında bir şəxs müdir dəvət edildi. O, Fransanın Sorbonna universitetini bitirmişdi. Fransız, fars, ərəb və türk dillərini mükəmməl bilirdi. Müasir elmdən, incəsənətdən məlumatlı idi. O, taleyini Bakı ilə bağlayaraq burada Bələdiyyə üzvü Kərbəlayı İsrafil Hacıyevin qızı ilə ailə qurdu.

«Səadət»in təşkilində maarifpərvər tacir Məşədi Yusif Nəcəfov, Rizvan Babazadə, axund Əbdürrəhim Hacızadə mühüm rol oynamışdı. Bu məktəb üçün dərs kitablarından biri Axund Əbdürrəhim Hacızadənin «Şəriət kitabı, Haşımbəy Vəzirovun «Səda» mətbəəsində onun pulu ilə çap olunmuşdur. O illərdə şəriət kitabının, eyni zamanda Azərbaycan dili və ədəbiyyatı haqqında ətraflı məlumat verdiyi nəzərə alınarsa, belə bir dərsliyin nə qədər böyük əhəmiyyəti olduğu daha da aydınlaşır. Ümumiyyətlə, M. Y.  Nəcəfov azərbaycanlı balaların təhsil və tərbiyə alması yolunda fədakarlıqla çalışmış, öz sanballı maddi köməyini əsirgəməmiş və illər boyu məktəbin inzibati-təsərrüfat işlərində əsas simalardan biri olmuşdur. İki-üç ildən sonra «Səadət məktəbini başqa yerə köçməyə vadar etdilər. Yeni binada alt-üst mərtəbələrdə iyirmiyə qədər otaq vardı. İldə 800 manat kirayə verirdilər. Binanın sahibi yaşı 90-nı haqlamış erməni idi və o, yaşadığı evin həyətini vərəm xəstəliyinə tutulmuş nəvəsi üçün bülbüllərin cəh-cəh vurduğu bağ-bağata çevirmişdi. Su problemi yaşanan Bakı iqlimində bunu etmək böyük xərc tələb edirdi.

Məktəbə savadlı müəllimləri dəvət etmişdilər. Əlibəy Hüseynzadə, Qarabağı Fərhad Ağazadə, Əli və Hənifə Terequlov qardaşları, Üzeyir və Ceyhun Hacıbəyov qardaşları, Qubalı Musa Rza Əsgərli, Mikayıl Müşfiqin atası Mirzə Qədir İsmayılzadə. Məktəbin həkimi Bəhrambəy Axundov idi.

Nəğmə dərslərini Üzeyir Hacıbəyov aparırdı.[15]  Mərhum xalam Roza xanımın həyat yoldaşı, uzun illər M. F. Axundov adına kitabxanada çalışmış, Azərbaycan SSR-nin Əməkdar kitabxanaxısı[16] Həsənağa Rzaquliyev (1912-1983) nəql edirdi ki, Üzeyir bəyin nəğmə dərslərinin birində (ehtimal ki, həmin məktəbdə) müəllimə sual verirlər ki, bəs nəğmə necə bəstələnir? Dahi Üzeyir bəy isə birinci partaya yaxınlaşıb orada əyləşən şagirdin qarşısındakı vərəqi əlinə götürür. Bu onun bir neçə dəqiqə əvvəl şagirdlərə diktə etdiyi dərs ləvazimatı siyahısı idi. Müəllim siyahını «Leyli və Məcnun» operasına daxil etdiyi muğam ritmində oxumağa başlayır:

«Dama-dama dəftər, məngələ, pərgar, səttarə, …» — yəni bəstəkar əlinə mətn almaqla musiqi parçasını yaradır. Əlbəttə, əvvəlcə nəğmənin «doğulması», daha sonra həmin təranələrə mətnin «oturdulması» halları da olur (Bu sənətdir!) Amma yəqin ki, dahi Üzeyir bəyin ağlına belə gəlməzdi ki, elə onun yaşadığı əsrin sonlarında musiqinin kompüter texnologiyasının son nailiyyətləri əsasında yaranması da mümkün olacaq…

 

[1] ASE (III c.)-nin baş redaksiyası, Bakı-1979, s. 153.

[2] Əhmədov Ə. «A. Bakıxanov: «Epoxa, həyat və yaradıcılığı». B. 1989.

[3] Süleymanov M. «Eşitdiklərim, oxuduqlarım, gördüklərim… «Azərbaycan» n-tı, B-1996, s. 170.

 

[4] Sefidov F. Ə., Azərbaycan müəllimlərinin hazırlanmasında (Qori) seminariyasının rolu. B., 1960.

[5] ASE (III c.)-nin baş redaksiyası, Bakı-1979, s. 207-208).

 

[6] Azərbaycan müəllimlərinin hazırlanmasında Zaqafqaziya (Qori) seminariyasının rolu, B., 1960.

[7] Azərbaycan tarixi, 7 cilddə, s. 5, B., 2001.

[8] Səidə Əliqızı. Ə. Ağayevin maarifçilik fəaliyyəti haqqında, «Tarix və onun problemləri» jurnalı, 2003, №3,

[9] Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. «LİDER» nəşriyyatı, B., 2005, s. 151-152).

[10] Fətullayev-Fiqarov Ş.  İ. V. Qoslavski. Qafqazlı Rastrelli. Şərq-Qərb Nəşriyyat Evi, Bakı 2013, s. 27.

 

[11] Süleymanov M. Eşitdiklərim, oxuduqlarım, gördüklərim… «Azərbaycan» n-tı, B-1996, s. 177.

[12] Süleymanov M. «Eşitdiklərim, oxuduqlarım, gördüklərim… «Azərbaycan» n-tı, B-1996, s. 180.

[13] Süleymanov M. «Eşitdiklərim, oxuduqlarım, gördüklərim… «Azərbaycan» n-tı, B-1996, s. 180.

 

[14] Fiqarov-Fətullayev Ş. «Qərb-Şərq» Nəşriyyat Evi, Bakı 2013, s. 22-23.

 

[15] Süleymanov M. «Eşitdiklərim, oxuduqlarım, gördüklərim… «Azərbaycan» n-tı, B-1996, s. 171-172.

[16] //www.anl.az/el/emb/MK-90/senedler/1960_25_may.pdf

Sevda Rəsulova

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bölmə müdiri

Ey zəbər təəəə…

Ey zəbər təəəə…

 

«…Aman ya rəbb! Hər kəs gün-gün irəli getdiyi halda bizlər hər işdə, xüsusilə maarifdə fərsəx geri gedirik. Bilməm bu gedişlə halımız nə olacaq? Nə üçün bizlər də öz dərdimizə qalmırıq? Nədən məyus oluruq? Nə üçün əli qələm tutan həmiyyətli, məlumatlı mühərrirlərimiz yazılarını bu xüsusda qanlı yaşla yazmırlar? Demək olmaz ki, həmişə bu halda qalacayıq. Xeyr, xeyr! Ümidi kəsmək Allahın nemətindən, mərhəmətindən əl çəkmək deməkdir…»[1]

«Hamıya məlumdur ki, hökuməti-hazırə camaatın elm və ittihadsızlığına arxayın olub dumanı dağıtdı. Dağıdandan sonra da boş oturmayıb onun dağıntısı üzərində təzə islahat, təzə qanun adı ilə təzə bir idarə bina etməyə çalışır.

Nədən bu neçə milyon camaat bir cüzi heyətin əlində əsir və aciz olub? Ondan ötrü ki, camaatın çoxu bielm və xəbərsizdir, cəhalət səbəbin öz xeyir və zərərini bilmir. Çox vaxt özünü öz əli ilə kəsir də, səbəbini özgədən bilir. Adət etdiyi həqiranə məişətini, boynuna vurulan zülm boyunduruğunu haşa-Allah tərəfindən təqdir olunmuş zənn edir…

Ömər Faiq Nemanzadə  («Qeyrət» mətbəəsinin müdiri), «İrşad» qəzei, 6. 09. 1906, № 209.

Xalqı cəhalət yuxusundan oyatmaq amalı ilə alışıb-yanan süsəlman ziyalıları daha nələrə əl atmır, hansı dillərlə xalqı dindirmirdi? Amma, əlbəttə ki, satiranın-xüsusilə də «Molla Nəsrəddin» satirasının gücü başqa idi: cəhaləti öz silahı ilə «vurmaq»-yəni cəhalət və savadsızlıq, avamlıq və tənbəllik tərəfdarının dilindən səslənənlər daha çox fayda verirdi.

1886-cı ildə Tiflisdəki Aleksandrovski müəllimlər institutunun son kurs tələbələri Həbib bəy Mahmudbəyov (1864-1928), Sultanməcid Qənizadə (1866-1937) və ziyalı Nəcəfqulu Vəliyev Bakıda Mirzə Fətəlinin «Müçyö Jordan və dərviş məstəli şah» komediyasını tamaşaya hazırladılar. Rolları S. Seyidov  (Məstəlişah), M. Şəkibəyov (Qulaməli), S. Qayıbov  (Müsyö Jordan), Ş. Mirzəyev (Hatəmxan ağa), Kostapova (Şərəfnisə), Rusiyeva (Gülçöhrə), Cahangir Zeynalov (Şahbaz bəy), Vəzirov (Şəhrəbanı) oynayırdılar. Tamaşaya məsul S. Seyidov idi.

1887-ci ildə Həbib bəy Mahmudbəyov və S. Qənizadə Tiflisdə Aleksandr Pedaqoji İnstitutunu bitirdilər. Ali təhsil almış maarifçilər Bakıya gələrək müəllimliyə başladılar. Eyni zamanda dəstə toplayıb vaxtaşırı tamaşalar hazırladılar. Bu dəstənin ilk peşəkar aktyoru əvvəllər də müəyyən rollar oynamış Əbülfət Vəli (təqribən 1867-1918), 1885-ci ildən aktyorluq edən Cahangir Zeynalov oldular. Sonralar bu dəstə ətrafında yeni-yeni qüvvələr toplaşdı.[2]

«RUS-AZƏRBAYCAN MƏKTƏBİ»

«Rus-müsəlman məktəbi, Rus-tatar məktəbi — XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınmışlar. Əsası 1887-ci ildə Bakıda H. Mahmudbəyov və S. Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi 4 il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə ximat verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. 1-ci məktəbə S. Qənizadə müdir təyin edilmişdi. Şəhər əhalisinin təhsilə olan ehtiyacının təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S. Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu 2-ci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən 2-ci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır.

Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifinin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır. Rus-Azərbaycan məktəbinin açılışı ilə «Əkinçi»dən sonra Bakıda Azərbaycanlıların 2-ci ictimai quruluşu yaradılmışdır. Məktəblərin sayı artdıqca Qori, İrəvan seminariyalarında, ali pedaqoji institutlarda və gimnaziyalarda təhsil alan gənclərin Bakıya toplanması üçün geniş imkanlar yaradılmış, XIX əsrin 90-cı illərində azərbaycanlılara məxsus «Müsəlman ziyalılarının özəyi» adlı ilk ictimai təşkilat təsis olunmuş, əyalət şəhərlərində, kənd və qəsəbələrdə milli-mədəni həyat dirçəlmişdi. Rus-Azərbaycan məktəbi müəllimlərinin təşəbbüsü ilə Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, Qubada, Tiflisdə, İrəvanda və s.  şəhərlərdə ilk teatr truppaları təşkil olunmuş, səhnə vasitəsilə maarifçilik ideyaları təbliğ olunmuşdur. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəaliyyət göstərənlər, əsasən, rus-Azərbaycan məktəbi müəllimlərindən və məzunlarından ibarət olmuşdur.

Rus-Müsəlman məktəbləri pedaqoji heyətinin S. Qənizadə, M. Mahmudbəyov, S. S. Axundov, A. Şaiq, Abdulla bəy Divanbəyoğlu, Əlisgəndər Cəfərzadə, Qafur Rəşad (Mirzəzadə), Fərhad Ağazadə (Şərqli) və başqalarının istedadı sayəsində milli realist və romantik ədəbiyyat rövnəq tapmış, ilk dərsliklər yaradılmış, ilk uşaq jurnalları dərc edilmiş və yüksək bədii təsir gücünə malik sağlam mündəricəli uşaq ədəbiyyatı təşəkkül tapmışdır.

AXC-nın yaranmasında və fəaliyyətində rus-Azərbaycan məktəbinin xidmətləri xüsusilə əlamətdardır. Həmin məktəblərin məzunları XX əsrin əvvəllərində siyasi mübarizədə, siyasi partiyaların təşkilində iştirak etmişlər: M. Ə. Rəsulzadə, AXC Milli Şurasının sədri, Məmməd Yusif Cəfərov onun fəal liderlərindən biri olmuşdur. Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Seyid Hüseyn, C. Cabbarlı və b.  milli dövlət quruculuğunda fəal iştirak etmişlər.

Rus-Azərbaycan məktəbinin müəllimlərindən S. Qənizadə və Mustafa Mahmudov Azərbaycan parlamentinin üzvü olmuşlar.

Ədəbiyyat

  1. Məmmədov X.  İlk «Rus-müsəlman» məktəbi və onun tarixi rolu, «Azərbaycan məktəbi» jurnalı, 1964, №5; Vəzirov H «Rus-müsəlman» məktəbinin 25 illik yubileyi münasibətilə, «Kefim gələndə» kitabında, B., 2001.»
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə. I c., Bakı, «Lider nəşriyyat», 2005, s. 306.

 

[1] Tiflis, «Qeyrət» mətbəəsi, 1905

[2] Rəhimli İ.  «Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı». I cild, «Təhsil» n-tı, B. 2013, s. 35)

Sevda Rəsulova

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bölmə müdiri