BAŞ REDAKTORDAN

IMG_20160426_113449Bakı ensiklopediyası

“Tanış olaq” jurnalında nəhəng bir layihəyə start verilir. Jurnalın daimi müəlliflərindən biri olan Sevda Asif qızı Rəsulova 8 il üzərində işlədiyi, şərti olaraq “Bakı ensiklopediyası” adlandırdığı çoxcildli əsərini yekunlaşdırmağa hazırlaşır. “Tanış olaq” jurnalı kitabdan ayrı-ayrı parçaları, mətnləri, anons səciyyəli məlumatları dərc etməyə başlayır.

Kitab “İçərişəhərim mənim”, “Bu dünyanın adamları”, “Bayır şəhər”, “Küçələrə su səpmişəm”, “Əski Bakı”, “Tədqiqatçılar”, “İçərişəhər mətbuatda”, “Abşeron”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Bakılılar”, “Bakıda mətbuat”, “Beynəlmiləlçi Bakı” və s. kimi maraq doğuran fəsilləri özündə birləşdirir.

Müəllif əsərinə yazdığı müqəddimədə qeyd edir ki, kitab qədim Bakının şah damarı, baş tacı olan, əsrlərin bizə miras qoyduğu əski bir məkan haqqında, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqının daş yaddaşı olan İçərişəhər barədədir. …“İçərişəhərim mənim” fəslində əslən İçərişəhərli olan tanınmış nəsillər və həmin nəsillərə məxsus, xalqımızın ictimai və mədəni həyatında əhəmiyyətli rol oynamış, vətənimizi dünyada tanıtmış ziyalılar və ya ümumiyyətlə maraq doğuran müxtəlif insanlar barədə söhbət açılır.

“Bu dünyanın adamları” fəslində İçərişəhərdə anadan olmuş, böyümüş, cəmiyyətdə təqdirəlayiq yer tutan İçərişəhərlilər barədə məlumatlar verilmişdir.

“Küçələrə su səpmişəm” fəsli bir qədər fərqli tərtib edilmişdir. Belə ki, şəhərciyin hər bir küçə və dalanının şəkli önə çəkilməklə bu məkanda sadəcə ev almış, taleyin hökmü ilə həmin küçələrdə yerləşən evlərdə ömrünün əhəmiyyətli hissəsini keçirmiş dəyərli insanlar barədə, uğurlarını və ağrılı-acılı günlərini qala divarları daxilində yaşamış şəxslər barədə bioqrafik məlumatlar verilmişdir. Burada verilən mətnlər yuxarıda adları çəkilən fəsillərdə yer almış hekayətlərə nisbətən yığcamdır ki, bu da bir növ küçələrə, evlərə vurulmuş xatirə lövhəsini xatırladır.

“Əski Bakı” fəslində İçərişəhərin davamı olan “Bayır şəhər”in tarixindən bəhs edilir.

“Tədqiqatçılar” adlanan fəsildə ömrünü Bakının, o cümlədən İçərişəhərin tarixinin  tədqiqinə həsr etmiş, müxtəlif dövrlərdə yaşayıb-yaratmış həmyerlilərimiz barədə, habelə ayrı-ayrı millətlərin nümayəndələri olan alim, arxeoloq və tədqiqatçılar barədə bioqrafik məlumatlar verilir.

Müəllif yazır ki, “İçərişəhər mətbuatda” fəsli kitabın ən irihəcmli fəsli olmaqla əfsanəvi, məğrur Qız qalası, əsrarəngiz gözəlliyə malik Şirvanşahlar sarayı kompleksi və orijinal quruluşlu Məhəmməd Məscidi (Sınıq qala) kimi dünya əhəmiyyətli abidələrə, həmçinin, ölkə əhəmiyyətli 40 memarlıq, 8 arxeoloji və XVIII-XIX əsr memarlığına aid 395 bənzərsiz tikililərə malik bu məkan barədə arxeoloq və tədqiqatçıların bu günə qədər dərc olunmuş elmi əsərlərinin (və ya əldə edilməsi mümkün olmayan məqalələrin başlıqlarının) toplusudur. Fəsildə təkrarlara rast gəlmək olar, bu da təbiidir: buraya eyni mövzuda yazıb-yaratmış, obyektiv mövqe tutmağa, elmi əsaslara söykənən fikirlər söyləməyə çalışmış və söyləmiş müəlliflərin əsərləri daxil edilmiş, müdaxilələrə, habelə kiçicik ixtisarlara belə yol verilməmişdir.

 

Çarə

425866_160734817372540_124654650_nNurəddin Məmmədli

Çarə

Baş ağarmışdı, amma hələ də ağıllanmamışdı. Bir çətinə düşən kimi bilmirdi neyləsin. Düzü yalanı bir-birindən seçə bilmirdi. Çaşıb qalırdı yolların kəsişməsində. Başlayırdı özü söyməyə ki, ömrü başa vurub, amma yenə həyatın xırdalıqlarını başa düşə bilmir. Yenə çətinə düşmüşdü. Bir cəncəl məsələ çıxmışdı ortalığa. İstəyirdi məsləhət alsın. Ancaq istəmirdi ki, kimsə onu ağılsız bilsin. Arvaddan da xeyir yox idi. Elə ki, deyirdi gəl bu məsələni götür qoy edək, yeganə eşitdiyi söz o idi ki, özün bilərsən. Ha çalışırdı ki, bir şey desin amma alınmırdı, axırı davaya çevrilirdi. Bu dəfə də yəqin belə olacaqdı, ona görə qabaqcadan qanını qaraltmaqdan qorxurdu. Qanı qaralsa olan-qalan səbrini də itirəcək və işlər kəllə-mayallaq gedəcək. Amma başqa çıxış yolu da yox idi, mütləq bir çarə tapmalı idi. Bir siqaret yandırıb rahatca düşünmək istəyirdi ki, birdən həyəti özəlləşdirmiş pişik ona yaxınlaşıb miyoldamağa başladı. Pişiyə baxıb gördü ki, yenə qarnı doludur. Bunu görəcək hirsləndi. İstədi bir təpik vursun — yəqin yenə balalayacaq, di gəl bu partiyanı da saxla. Çoxdan idi ki, pişiyi azdırmaq istəyirdi. Amma alınmırdı. Həm balalarına yazığı gəlirdi, həm də evdəkilər istəmirdilər. Bir dəfə qızışdı ki, pişiyin balalarını da, özünü də torbaya qoyub atsın. Evdəkilər haray-həşir saldılar ki, qan-qaraçılıq eləmə. Hirslənib qayıtdı ki, mənim bunlara öz analarından çox yazığım gəlməlidir. Amma yenə bacarmadı. Sözün düzü bir az da mövhumatçı idi. İnanırdı ki, pişiyi evdən qovanda evdən xeyir-bərəkət çəkilir. Ona görə də riskə getmək istəmirdi. Düşünürdü ki, birdən deyilənlər düz olar. Sonra yenə də axır-əvvəl bu pişiklərdən üzülüşməli olduğunu anlayırdı. Artıq həyət pişik fermasına dönmüşdü. Həyət-baca sür-sümük içində idi. Hələ bir dəfə üzünü pişiyə tutub demişdi ki, pişik, a pişik, bəsdir balaladığın. Həm özünə, həm də bizə problem yaradırsan. Bir sən olsan nə var ki, doğub artırırsan, indi gəl bu qədər pişiyi saxla. Pişik heç başa düşmürdü. Balalayıb evdəkilərin köməyi ilə böyüdürdü. Yaxşı tikələri balalarına verirdi. Süd əmizdirməkdən arıqlayıb haldan düşürdü, amma elə ki, balalar böyüdü, onları özündən uzaqlaşdırıb yenidən qarnını doldururdu. Hətta bir neçə dəfə antiseks dərmanlar da vermişdilər. Ancaq köməyi olmurdu, bir dövrü ötürsə, də ikincini buraxmırdı.

Pişik yazıq-yazıq onun yanına sürtünüb miyoldayanda yenə yazığı gəldi. Düşündü ki, pişik neyləsin ilahi onu belə yaradıb. Özündən olsa isti yerini soyuq eləməz ki. Yəqin hər şey şair demişkən biixtiyardir. Buna görə ona hirslənməyin yeri yoxdur. Acığı pişiklər qonşuları da bezdirmişdi. Bir gün gecə saat dörddə telefon zəng çaldı. Yuxudan hövlnak qalxdı, bismillah deyib telefonun dəstəyini qaldırdı. Xeyr ola, bu vaxt görəsən kimdir.

-Alo, — qonşunu səsindən tanıdı. – Ə, xeyr ola bu vaxt. — Nə xeyir, cəhənnəm elə bu pişiyini. – Ə, nə olub axı. Demə pişik gözünə döndüyüm pəncərənin fortoçkasından qonşunun evinə girərək qızını bərk qorxutmuşdu. Buna görə də qonşu tələb edirdi ki, dərhal bu pişikləri buradan itir, özü də hamısını. Bir az vəziyyətdən xəcalətlənsə də, sonra ağlına gəldi ki, azdırmaq-azdırmaqdır, qoy elə qonşu özü azdırsın da, bəyəm mən əleyhinəyəm? Hərif istəyir ki, günaha mən batım. Fikirləşdi ki, pişik kimə mane olursa, o da çarəsinə baxmalıdır. Yəqin qonşu da hesab edirdi ki, pişik kimindirsə,  o da əncam çəkməlidir.

Amma o, özünü elə aparırdı ki, guya pişik onun deyil, sadəcə burada məskən salıb, onların da qovmağa ürəyi gəlmir. Gerçəkdə də belə idi. Yəni bu pişiklərin anası balaca olanda uşaqlar onu həyətə buraxmışdılar. Sonradan ərz etdiyim kimi pişik buraları özəlləşdirmişdi. Pişik də get-gedə nəsil artırmaqda davam edirdi, indi tək özü deyil, törəmələri də balalamağa hazırlaşırdılar.

Bunları düşünə-düşünə qeyri-ixtiyari bu heyvanlarla insanlar arasında oxşarlıq axtarmağa başladı. Deyirlər, tanrı heyvanlardan fərqli olaraq insana ağıl verib. Amma müqayisədə, aralarında elə də ciddi fərq görünmürdü. Məsələn, insanlar da heyvanlar kimi dünyaya gəlirlər. Valideynlərinin qayğı, sevgisi və ilə, köməyi ilə böyüyürlər, sonra onlarda da təbii nəsilartırma istəkləri yaranır. Lakin abırlı görünmək üçün adını məhəbbət qoyurlar, bu məqsədlə ailə qururlar, uşaq əkirlər, beləcə dövranı davam etdirirlər. İnsanlar da eynən pişiklər kimi, verən olsa yeyib xor-xor yatarlar. Verən olmayanda da özlərini elə pişiklər kimi oda-közə vurub çörəkpulu çıxararlar. Biri o qara pişik kimi zəif və gücsüz olur, olan qalanla kifayətlənir, digəri xallı pişik kimi onun-bunun da payını çırpışdırıb yeyir. Elə ki, istəyinə çatmaq üçün çarə tapıldı, pişik kimi hərəkət etməlidir, daha dərinə getməyə ehtiyac qalmır.